Elektron Hökumət üçün Təlim Mərkəzi 2013-cü il 18 aprel tarixində Bakı şəhərində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında imzalanmış Qrant Razılaşması”na əsasən, dövlət qulluqçularının elektron idarəçilik sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə yaradılmışdır. Tərəflərin fəaliyyəti nəticəsində Bakı şəhəri başda olmaqla Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba və Şəkinin daxil olduğu on beş (15) rayon mərkəzində sinif otaqları yaradılmışdır. Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında hər biri bir sinif otağı olmaqla iki mərkəz, digərlərində isə bir sinif otağı olmaqla bir mərkəz yaradılmışdır. Ölkə üzrə ümumilikdə “Elektron Hökumət” Təlim-Tədris mərkəzlərinin sayı on səkkizdir (18). Elektron Hökumət Təlim-Tədris Mərkəzinin əsas idarəetmə mərkəzi Bakı şəhərində yerləşir. Bakı Elektron Hökumət Təlim-Tədris Mərkəzi Bakı Telekommunikasiya Qovşağının Şərifzadə küçəsi 75 ünvanında yerləşən inzibati binasının 3-cü mərtəbəsində yerləşir. Mərkəz 3 tədris otağı, Studio, bir müəllim və bir server otağından ibarətdir. İki tədris otağının hər biri 20 nəfər təlimçi üçün nəzərdə tutulmuş müasir tipli personal kompüterlərlə təmin edilib. Hər bir kompüter UPS qurğulara qoşulub və İnternetə çıxışı təmin edilib. Digər bir otaq 11 nəfər təlimçi üçün nəzərdə tutulmuş mühazirə otağıdır. Bütün otaqlarda tədris prosesində effektivliyi təmin etmək məqsədilə elektron lövhələr yerləşdirilib. Müəllim masaları personal kompüterlərlə və periferiya qurğuları ilə təmin edilib. Bununla yanaşı hər bir otaq texnologiyaların son nailiyyətlərini özündə birləşdirən lövhəni idarəedən elektron idarəetmə panelli tribuna ilə təmin edilib. Mərkəzdə video çəkilişlərin təşkili üçün müasir texnoloji avadanlıqlarla təmin edilmiş Studio yaradılıb. Studio xromokey və idarəetmə otağından ibarətdir. Həmçinin, Bakı və regionlarda yerləşən mərkəzlər arasında real zaman rejimində dərslərin təşkili üçün telekonfrans sistemi yaradılıb. Bunun üçün mərkəzlər zəruri avadanlıqlarla və proqram təminatı ilə təmin edilib.